Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik məktəb binası tikilir
Ağdam, 2 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamın Birinci Yüzbaşılı kənd tam orta məktəbi üçün 132 şagird yerlik yeni bina inşa edilir. Tikinti işləri Prezident İlham Əliyevin "Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında" 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikimərtəbəli yeni məktəb binasında sinif otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, kimya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və sair otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, transformator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.
Artıq binanın B və C bloklarının təməli qoyulub, A blokunun zirzəmi hissəsində dəmir-beton işləri yekunlaşıb. Tikinti işlərinin bu ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur.
Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə başlanılması kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Birinci Yüzbaşılı kənd tam orta məktəbinin direktoru Polad Zeynalov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, 1991-ci ildən bir sinif kompleksindən ibarət ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar əsas məktəb, 2008-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 111 şagirdin təlim tərbiyəsi ilə 30 müəllim məşğuldur. Tam orta məktəb üçün uyğun olmayan binada fəaliyyət göstərməsinə baxmayaraq, məktəbin şagirdlərinin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.
"Ağdam rayonunun cəbhə xəttində yerləşən Birinci Yüzbaşılı kəndində yeni məktəb binasının tikilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən Sərəncam imzalanması təhsilin inkişafına yönələn siyasətin bariz nümunəsidir. İnanıram ki, məktəbimiz üçün yeni binanın inşa edilməsi təhsilin səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq", - deyə P.Zeynalov bildirib.