Ağdamda keçirilən əmək yarmarkasında 67 vakansiya təqdim olunub VİDEO
Ağdam, 21 noyabr, AZƏRTAC
“Böyük Qayıdış” Proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, növbəti əmək yarmarkası noyabrın 21-də Ağdam şəhərində keçirilib. Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və digər işlər üzrə 67 vakansiya təqdim edilib.
Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. İştirakçılara agentliyin icra etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, yarmarka işğaldan azad olunmuş ərazilərdə keçirilən sayca 25-ci əmək yarmarkasıdır.