AĞDAMDA XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Ağdam, 25 fevral (AZƏRTAC). Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Ağdam rayonunun idarə və müəssisələrində, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, qəsəbə və kəndlərdə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimləri, xatirə gecələri keçirilmiş, sərgi və guşələr təşkil olunmuşdur.
Ağdam rayon tarix-diyarşünaslıq muzeyində Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi təşkil olunmuş, qanlı hadisənin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Muzeyin direktoru Ələkbər Əliyev erməni millətçilərinin Xocalı şəhərində törətdikləri qırğının acı nəticələri barədə danışmış, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini vurğulamışdır.
Qaradağlı kənd orta məltəbində kənd ictimaiyyəti nümayəndələrinin, ziyalıların və kənd sakinlərinin iştirakı ilə tədbir keçirilmiş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Quzanlı mədəniyyət evində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə YAP partiyası Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev çıxış edərək Xocalı şəhərində törədilən qırğının acı nəticələri barədə danışmışdır.
Tədbirdə xocalıların xilas olunmasında iştirak etmiş müharibə veteranı Oruc Cabbarov, o zaman Azərbaycan Dövlət Televiziyasında işləmiş telejurnalist Fəxrəddin Hacıbəyli qanlı hadisələrlə bağlı xatirələrini danışmışlar. Xocalı soyqırımının qan yaddaşımıza əbədi həkk olunduğunu, şəhidlərin xatirəsinin əbədi yaşayacağını vurğulayan natiqlər işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinə inandıqlarını bildirmişlər.
Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilmişdir.