REGİONLAR
Ağdaşda onlayn konfrans: “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır”
Ağdaş, 25 fevral, AZƏRTAC
Ağdaşda rayon gənclər və idman idarəsinin və Dini Qurumlarla İş üzrə Yevlax Regional İdarəsi Ağdaş bölməsinin təşkilatçılığı ilə “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn konfransda rayonun idarə və təşkilatlarında çalışan 30 gənc iştirak edib.
Rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, Dini Qurumlarla İş üzrə Yevlax Regional İdarəsi Ağdaş bölməsinin nümayəndəsi Asif Ədilov, Ağdaş Dövlət Humanitar Kollecinin tələbə-gənclər təşkilatının sədri Dilarə Manafova, habelə fəal gənclər çıxış edərək, Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı faciəsini törədib, azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törədiblər. 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onların 150 nəfərinin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub.
Çıxışlarda Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı faciəsi barədə həqiqətlərin dünyada yayılmasının, mənfur düşmənin tarix boyu xalqımıza qarşı törətdiyi vəhşiliklər barədə gənclərimizin məlumatlandırılmasının vacibliyi vurğulanıb.