İQTİSADİYYAT
“Ağıllı” həllərin digər sahələrə tətbiqi onun təsir dairəsini daha da genişləndirə bilər – ŞƏRH
Bakı, 1 sentyabr, AZƏRTAC
“Ağıllı” həllər həyatımızın bir sıra sahələrinə daxil olub. Misal üçün, “ağıllı” saat, “ağıllı” parklanma (“Azparking” mobil tətbiqi: https://apps.apple.com/az/app/azparking/id1626165359; https://play.google.com/store/apps/details?id=com.azparking), mobil cihazımızdakı fitnes köməkçisi və digər tətbiqlər vasitəsilə həyatımızı asanlaşdıra bilərik. Bu həllər eyni zamanda təhsil, nəqliyyat, tibb, kommunal xidmətlər, ətraf mühitin qorunması, şəhərsalma, turizm və sair kimi daha böyük və ictimai məqsədlərə xidmət edə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, “ağıllı” həllər digər sahələrdə də tətbiq olunmaqla təsir dairəsini daha da genişləndirə bilər: “Elə bu yaxınlarda "Azərbaycan Dəmir Yolları" QSC-nin “Stadler” qatarlarımızın maşinistlərinin xüsusi təhlükəsizlik qolbağı ilə təmin olunması barədə məlumatı bəyəndiyim paylaşımlardan oldu. Belə ki, qatarı idarə edən zaman həmin qolbaq maşinistin ürək ritminə nəzarət edir. Maşinistin səhhətində hansısa problem yaranarsa, qolbaq təhlükəsizlik sisteminə xəbərdarlıq ötürür. Həmçinin maşinist işə davam edə biləcəyini təsdiq edən düyməni vaxtında sıxmazsa, avtomatlaşdırılmış xəbərdarlıq sistemi 7-8 saniyə sonra qatarın təhlükəsiz şəkildə dayanmasını təmin edir.
Hesab edirəm ki, cəmiyyətin rifahına xidmət edən bu kimi “ağıllı” həllər digər sahələrdə də tətbiq olunmaqla təsir dairəsini daha da genişləndirə bilər”, - deyə Rəşad Bayramov vurğulayıb.