CƏMİYYƏT
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş şəxsin ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 20-də Ağsu rayon sakini Nihad Məmişovun daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
İstintaqla müəyyən edilib ki, 2005-ci il təvəllüdlü Cabir Müseyibov iyunun 15-də aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyyə xəstəxanasında ölüb.
Cabir Müseyibov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.