Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində oftalmoloji aksiya keçiriləcək
Bakı, 5 mart, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində oftalmoloji aksiya keçirəcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, saat 09:00-da başlayacaq aksiyada məqsəd Sosial xidmət müəssisəsində yaşayanları müayinə və müalicə etməkdir.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün aksiyalar keçirir. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar.
Hazırda dünyada 7,8 milyard insandan 2,2 milyard insan görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əsas prioriteti respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir.
Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.