Aİ-ni cənginə alan fermerlərin etiraz aksiyalarında hansı tələblər səsləndirilir?
Bakı, 2 fevral, AZƏRTAC
Bu qış mövsümü avropalı fermerlərin çoxsaylı etiraz aksiyaları ilə diqqət çəkir. Traktorlar Fransa, İtaliya, Belçika, Almaniya, Polşa, Rumıniya, Portuqaliyada yolları bağlayır. Fermerlər bəyan edirlər ki, onlar çətinlik çəkir və ən pisi bu sektorun gələcəkdə yox olmasını qabaqcadan xəbər verirlər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, fermerlərin sözlərinə görə, torpaq hesabına yaşamaq ildən-ilə getdikcə çətinləşir. Onların fikrincə, bunun səbəbi xərclərin artmasında, ərzaq məhsullarının daha ucuz, daha az tənzimlənən və nəzarət edilən idxalında, Avropa İttifaqının ekoloji siyasətində və Brüsselin bürokratiyasındadır.
Başlıca tələblərdən biri azad ticarət haqqında sazişdən açıq şəkildə imtinadır. Avropalı fermerlər hesab edirlər ki, Avropa İttifaqının dünyanın digər regionları ilə imzaladığı sazişlər onların maraqlarına zərər vurur, çünki Avropaya məhsulların çox aşağı qiymətlərlə daxil olmasına imkan verir. Məsələn, Fransa hökumətinin məlumatına görə, Mərakeşdən çerri sortundan olan pomidorların idxalı kəskin şəkildə yüksələrək, 1995-ci ildən bəri ildə 300 tondan 70 min tonadək qalxıb. Bu, hələ bir haldır, onların sayı onlarcadır, həm də təkcə Fransada deyil.
Avropalı fermerlər “Avropanın taxıl anbarı” adlandırılan Ukraynaya, xüsusən də Rusiya ilə müharibə başlanandan bəri nəhəng rəqib kimi baxırlar. Ukrayna şumluq torpaqların sahəsinə görə (torpaqların 56,1 faizini əkin yerləri tutur) Avropa qitəsində birinci ölkədir. Bunu Polşa yaxşı anlayır. Bu ölkə Ukrayna torpağından çox aşağı qiymətlərə idxal olunan onlarla aqrar-kənd təsərrüfatı məhsulunun sərhəddən keçidinə tətbiq etdiyi birtərəfli vetonu qoruyub saxlayır.
Kənd təsərrüfatı təşkilatları Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra qiyməti artan enerji daşıyıcıları da daxil olmaqla, xərclərin yüksəldiyini bildirirlər. Avropa fermerləri vergitutma və ya traktorları üçün istifadə olunan yanacağa xüsusi (daha aşağı) qiymətlər tələb edirlər.
Gübrələrin qiyməti də kəskin bahalaşıb. Bununla bağlı fermerlər böhrandan daha çox əziyyət çəkən sahələrə fövqəladə yardım göstərilməsi də daxil olmaqla, dərhal cavab tədbirlərinin görülməsini istəyirlər.
Fermerlər Aİ və onun bürokratlarını da günahlandırırlar. Ümumi kənd təsərrüfatı siyasəti vasitəsilə Avropa hökumətlərinin diktə etdikləri sərt qaydalar onlar üçün həddindən artıq çətindir.
Aİ fermerləri bürokratiyadan, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsini, kənd təsərrüfatı subsidiyalarını və ətraf mühitin mühafizəsini tənzimləyən qaydalardan təngə gəliblər.