Aİ ölkələri büdcə kəsirlərinə dair qaydaları dondurublar
Vyana, 24 mart, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində ilk dəfə olaraq Avropa İttifaqı ölkələri büdcə borcları və kəsirlərinə dair qaydaları müvəqqəti dondurublar.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Avropa Komissiyasının təklifi əsasında Aİ-yə üzv olan ölkələrin maliyyə nazirlərinin videokonfransında qəbul olunub. Qərarda qeyd edilib ki, qaydaların dondurulması hazırkı şokun mümkün qədər qısamüddətli və məhdud şəkildə qalmasına və üzv ölkələrin xalq təsərrüfatına davamlı zərbə vurmamasına xidmət edir.
Qeyd edilməlidir ki, hələ ötən həftə Avropa Komissiyası üzv ölkələrə Sabitlik və İnkişaf Paktında nəzərdə tutulan büdcə kəsirləri limitini aradan qaldırmağı təklif edib. Bununla da üzv ölkələr müəssisə və işçilərə yardım paketləri üçün əlavə vəsaitlər ayırmaq və dövlət büdcəsində normadan artıq kəsir yaratmaq imkanı əldə edirlər. 1997-ci ildə qəbul edilmiş paktın şərtlərinə görə, hər bir üzv ölkənin büdcə kəsiri ümumi daxili məhsulun üç faizindən artıq ola bilməz.
Avstriyanın Federal Maliyyə naziri qərarı şərh edərkən bildirib ki, ölkə iqtisadiyyatını və əhalini dəstəkləmək üçün bu qərarın əhəmiyyəti böyükdür və maliyyə vəsaitlərinin müxtəlif yardım layihələrinə cəlb olunmasında dövlət qurumlarına çeviklik imkanı verir.
Qeyd edilməlidir ki, 2009-cu ildə maliyyə böhranı zamanı Aİ iqtisadiyyatı 4,3 faiz, Avrozona ölkələrinin iqtisadiyyatı isə 4,5 faiz geriləmişdi. Ekspertlərinə rəyinə görə, hazırkı koronavirus böhranının yaratdığı durğunluq Avropa ölkələrinin iqtisadiyyatına daha böyük zərbələr vuracaqdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana