MƏDƏNİYYƏT
“AITF” sərgisi pandemiya ilə əlaqədar yaranan fasilədən sonra yenidən geri qayıdır
Bakı, 11 oktyabr, AZƏRTAC
Pandemiya ilə əlaqədar yaranan fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi gələn il aprelin 25-dən 27-dək Bakı Ekspo Mərkəzində öz qapılarını yenidən açacaq.
AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
“AITF” ənənəvi olaraq sənayenin aparıcı oyunçularını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.
“AITF 2023” sərgisi Azərbaycan, Belarus, Polşa, Rusiya, Sloveniya, Tailand, Tunis və başqa ölkələrdən şirkətləri bir araya gətirəcək. Belarus, Xorvatiya, Polşa və başqa ölkələr sərgidə milli stendlərlə iştirak edəcəklər. Bu il sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”ün baş sponsoru olacaq.
Sərgidə təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.
“AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, sərgi beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirdiyi, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.
Sərgi ilə bağlı yenilikləri sosial şəbəkələrdə və rəsmi internet saytından izləyə bilərsiniz: www.aitf.az