Akademik Əhəd Canəhmədov Londonda qabaqcıl materialşünaslığa həsr olunmuş konqresdə çıxış edib
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri akademik Əhəd Canəhmədov bu günlərdə İngiltərənin London şəhərində qabaqcıl materialşünaslığa həsr olunmuş 7-ci Ümumdünya Konqresində fəxri elmi məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.
Akademik Əhəd Canəhmədov “Friksion qurğuların elementlərində mikroçatların inkişafının dağılma qanunauyğunluqlarının sinergetik prinsipləri” mövzusunda fəxri elmi məruzə edib və ona fəxri məruzəçi kimi sertifikat təqdim olunub.
Avropa, Amerika, Asiya və Afrika ölkələrinin alimlərinin nümayəndələrinin təmsil olunduğu konqresin işi 2 gün davam edib.