Akademik Zərifə Əliyeva Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyətdir
Qəbələ, 26 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən akademik Zərifə Əliyeva fitri istedada malik alim, eyni zamanda, Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sən bir işıqsan” adlı tədbirdə səsləndirilib.
Peşə Təhsil Mərkəzində keçirilən tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə akademik Zərifə Əliyevanın mənalı həyat yolu, zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər barədə danışılıb. Bildirilib ki, geniş dünyagörüşü, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanan bu fədakar alimin ömür yolu hər bir azərbaycanlı, elm adamı, tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbi olub. Zərifə xanım sənəti və yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib.
Çıxışlarda vurğulanıb ki, işıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb. O, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi.
Tədbirin sonunda Zərifə Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.