Aksiya zamanı ümumi tutumu 860 litr olan plastik tullantı təhvil verilib
Bakı, 13 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı “Neptun” marketin qarşısında “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı ümumi tutumu 860 litr olan plastik, 75 litr tutumu olan şüşə tullantı və 14 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində iştirakçılara ekoçanta təqdim olunub.
Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa, polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırır.
Qeyd edək ki, “Tullantıları ekoçantaya dəyiş” aksiyası mövsüm boyu davam edəcək və növbəti aksiyaların keçiriləcəyi ərazi və tarix barədə elan öncədən nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılacaq.