Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb
Bakı, 14 avqust, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması, satış məqsədilə saxlanılması barədə əməliyyat məlumatı daxil olub. İlkin araşdırma zamanı ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan siqaretləri realizə edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.
AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin idarə etdiyi avtomobil saxlanılıb və baxış zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən ümumilikdə 3 adda 120 min ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.