Aktau şəhərində Türk dünyasının gənc rəssamları müsabiqəsinin qaliblərinin əl işləri təqdim olunub
Astana, 28 noyabr, AZƏRTAC
“Aktau–2025: Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri üzrə keçirilən “Türk dünyasının ənənəvi uşaq oyunları” mövzusunda gənc rəssamlar müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərgi təqdim olunub.
AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, TÜRKSOY-un mədəniyyət nazirlərinin daimi şurasının 42-ci iclası çərçivəsində reallaşan müsabiqə türk xalqlarının dəyərlərinin, həmçinin onların maddi və qeyri-maddi mədəni irsinin qorunmasına və bu irsin gələcək nəsillərə ötürülməsinə xidmət edib.
“Biz hər il müsabiqə elan edirik. Uşaqlar çox fəal iştirak edirlər. Hər müsabiqədə TÜRKSOY ölkələrindən 30 mindən çox uşaq iştirak edir. Burada qaliblərin işləri nümayiş olunur. Müsabiqə tematik xarakter daşıyır və biz onu türk xalqlarının artıq unutmağa başladığı uşaq oyunlarına həsr etmişik. Xalqlarımızın bu cür mirasını uşaqların görməsi çox sevindiricidir. Onlar türk ölkələrinin milli oyunlarını necə qavradıqlarını öz baxışları ilə göstəriblər. Hər biri öz xalqının oyunlarını təsvir edib”, - deyə TÜRKSOY-un Baş katibi Sultan Raev söyləyib.
Müsabiqədə iştirak üçün 2 mindən çox müraciət daxil olub və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən olan 18 gənc rəssam birinci, ikinci və üçüncü yerlərə layiq görülüb.
Müsabiqənin nəticələrinə əsasən, hər ölkədən üç ən yaxşı iş, eləcə də final mərhələsində iştirak edən bütün əsərlər daxil edilməklə xüsusi albom hazırlanıb. Albom Türk dünyasının bütün incəsənət həvəskarlarına təqdim olunub.