Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər
Kiyev, 17 mart, AZƏRTAC
Ukraynada mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi xaricdən vətənə qayıda bilər.
AZƏRTAC xəbər verir ki, bunu “BBC Ukrayna”ya müsahibəsində Ukraynanın Baş nazirinin müavini - milli birlik naziri Aleksey Çernışov deyib.
Nazirin sözlərinə görə, söhbət təhlükəsiz və sabit şərait yarandıqdan sonra Ukraynaya qayıtmağa hazır olan həmvətənlərin 30 faizindən gedir. Digər 40 faizi isə Ukraynanın uğurlarını, iqtisadi dirçəlişini, bərpasını və inkişafını nəzərə alaraq qərar qəbul edəcək.
“Vurğulamaq istəyirəm ki, ukraynalıları geri qaytarmaq çox düzgün termin deyil. Bu, ukraynalıların təkbaşına verəcəyi qərardır. Bizim vəzifəmiz rəqabətqabiliyyətli olmaqdır, çünki 40 faiz üçün biz digər ölkələrlə rəqabət aparacağıq”, - deyə Çernışev izah edib.
Baş nazirin müavini bildirib ki, Ukrayna hökuməti müharibə başa çatdıqdan sonra açıq iqtisadiyyatın yaradılması, investisiyaların cəlb edilməsi, vergilərin sadələşdirilməsi və biznesin dəstəklənməsi istiqamətində fəal çalışacaq. Yəni ölkənin sürətli inkişafına töhfə verəcək bazarı liberallaşdıracaq və təhlükəsizlik zəmanəti verəcək.
“Bu, iş yerləri yaradacaq və ukraynalıları qayıtmağa sövq edəcəyik”, deyə Çernışov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev