Almaniya ilə əməkdaşlıq çərçivəsində Yeni Klinikada təlimlərə başlanılıb





Bakı, 24 aprel, AZƏRTAC
TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada tibbi personal üçün təlimlərə start verilib.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ilk təlim mərhələsində xəstələrə qulluq və tibb bacısı xidmətinin dəstəklənməsi modulu üzrə sessiyalar keçirilib. Almaniyadan gəlmiş yüksəkixtisaslı mütəxəssislər tərəfindən 12 həkim və 60 tibb bacısına nəzəri və praktiki biliklər aşılanıb.
Təlim proqramı çərçivəsində “Sana” klinikasının Tibb bacısı akademiyasının direktoru Jörg Noll, klinikanın terapiya komandasının üzvü Reinhold Angerer, xidmət komandasının üzvü İndat Tas, xəstə xidmətləri komandasının üzvü Marie Beinert iştirakçıları pasiyent baxımında müasir yanaşmalar baxımından yeniliklərlə tanış ediblər.
İştirakçılar “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və cərrahi müdaxilə”, “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və konservativ müalicə”, həmçinin “Pasiyent yolu: təcili qəbul və sonrakı müalicə” kimi mühüm mövzular üzrə bilik və bacarıqlarını artırıblar.
Təlimlərdən öncə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin əməkdaşları və “Sana” klinikasının ekspertlərinin iştirakı ilə Yeni Klinikada şöbələrə baxış keçirilib. Həmçinin onlar personalın iş rejimi ilə tanış olub və əməkdaşların təlim ehtiyaclarını öyrənib. Bu ehtiyaclar əsasında müvafiq təlim modulları və metodikası hazırlanıb.
Qeyd edək ki, bu kimi təlimlər tibbi xidmətlərin davamlı inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə keçirilir.