Almatıdakı diasporumuzun üzvləri ahıska türkləri ilə birgə Novruz bayramını qeyd etmişlər
Almatı 23 mart (AZƏRTAC). Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyi (QAAİB) Ahıska Türkləri Mədəniyyət Mərkəzi (ATMM) ilə birgə Novruz bayramı münasibətilə bayram şənliyi keçirmişlər.
Qazaxıstanın keçmiş baş naziri Sergey Tereşşenko salona toplaşanları bu bayram münasibətilə təbrik edərək demişdir ki, bu ölkədə yaşadığımız üçün Novruz həm də bizim bayramımızdır. O, bayramı təşkil etdikləri üçün təşkilatçılara minnətdarlığını bildirmişdir.
Jurnalist Ramiz Məşədihəsənli Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimovun mərasim iştirakçılarına təbrikini oxumuşdur.
QAAİB-in sədri Əbülfəz Müslümoğlu vurğulamışdır ki, Qazaxıstanda yaşayan soydaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Onun sözlərinə görə, aprelin 3-də Qazaxıstanda növbəti prezident seçkiləri keçiriləcək və soydaşlarımız indiki dövlət başçısı Nursultan Nazarbayevi dəstəkləyirlər.
Almatıdakı Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Mehriban Yadullaqızı, ATMM-in nümayəndəsi Tamara Hüseynova, Süleyman Dəmirəl adına Universitetin dekanı Hümbət Əliyev, Qazaxıstan Milli Teleradio Korporasiyası “Dostluq” redaksiyasının baş redaktoru Amir Ömürbekov və başqaları Novruzun qədim zamanlardan bolluq, paklıq və xoşbəxtlik rəmzi olduğunu bildirmişlər.
Novruz süfrəsi arxasında keçən mərasim geniş konsert proqramı ilə başa çatmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı