“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri yekunlaşıb
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonundakı "Ana harayı" abidəsinin yerləşdiyi parkda hazırlıq və abadlıq işləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən, parkın ərazisinin yaşıl örtüyü yenilənib. Parkda və ətrafında yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb. Ümumilikdə Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül kollarının əkilməsi üçün 60 min gül sifariş olunub. Türkiyədən üç min dekorativ gül kolları gətirilərək əkilib. Onların düzülüşü yeni dizaynda aparılıb. Yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlər, plakatlar, şəhid şəkilləri yerləşdirilib. Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub.
Xatırladaq ki, Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidə kompleksi 1993-cü ildə inşa edilib. Sonralar isə həm abidə kompleksində, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. Bu işlər çərçivəsində abidənin postamenti hündürləşdirilib. Faciə zamanı qətlə yetirilmiş 613 şəhidin adları qranit lövhələr üzərinə həkk olunub. Park-xiyaban və abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təchiz edilib, günlüklər quraşdırılıb.
Qeyd edək ki, hər il fevralın 26-da minlərlə insan Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni ziyarət edir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada dayanan soyqırımı törədiblər. Bu soyqırımdan 29 il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, ümumilikdə, 613 nəfər amansızlıqla qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib.
Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırlar.