CƏMİYYƏT
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri və raket aşkarlayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Zəng Xidməti Mərkəzindən 32 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Kürdlər və Əsədli kəndləri, Ağcabədi rayonunun Rəncbərlər, Yuxarı Qiyaməddinli və Hacılar kəndləri, Bərdə rayonunun Yeni Daşkənd kəndi və C.Məmmədquluzadə küçəsi, Beyləqan rayonunun Şitilşilik qəsəbəsi, Füzuli rayonunun Mahmudlu və Əhmədalılar kəndləri, Goranboy rayonunun Qızılhacılı və Balakürd kəndləri, Tərtər rayonunun Səhləbad kəndi, Şıxarx və Yeni qəsəbə, N.İsgəndərov, M.Hüseynzadə, N.Nərimanov, F.Qulami küçələri, Yevlax rayonunun Salahlı və Kolanı kəndləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 ədəd 152 mm-lik top mərmisi (OF-29 və OF-45), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 9M525 raketi (tərkibində 72 ədəd 9N235 bombacığı) və 1 ədəd “Toçka-U” taktiki raketi (9M79M) və 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən oktyabrın 10-dək 466 siqnal (əməliyyat çağırışı) əsasında 423 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 85 ədəd partlamamış hərbi sursat (PHS), 863 ədəd 9M525 bombacıqları, 1180 ədəd müxtəlif çaplı patronlar, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator, 2 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 121 ədəd partlamış raket hissələri aşkar olunub.