ANAMA tərəfindən fevralda 1088 partlamamış hərbi sursat və 10 piyada əleyhinə mina aşkarlanıb
Bakı, 1 mart, AZƏRTAC
Fevral ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Abşeron, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərlərində 246,127 kvadratmetr ərazi yoxlanılıb, 1088 partlamamış hərbi sursat və piyada əleyhinə 10 mina aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlara 476 nəfər əməliyyat, 134 nəfər inzibati heyət, altı mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub. İndiyədək cəmi 532 milyon 902 min 209 kvadratmetr ərazi təmizlənib, 802 min 415 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
Fevral ayında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən - üç, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən - on yeddi müraciət daxil olub. Müraciətlər əsasında 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonlarında, Bakı və Sumqayıt şəhərlərində 21 min 827 kvadratmetr ərazi yoxlanılıb, 815 ədəd partlamamış hərbi sursat aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Fevralda mina/partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.