Ankarada alimlər türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edirlər
Ankara, 25 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının himayəsi altında Ankarada təşkil edilən 11-ci Türk Dünyası Tibb Qurultayının iştirakçıları səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edirlər.
AZƏRTAC xəbər verir ki, qurultayın keçirilməsi təşəbbüsü Türkiyə Səhiyyə Nazirliyi və Türkiyə Səhiyyə İnstitutları İdarəsi (TÜSEB) tərəfindən dəstəklənib.
Müzakirələrdə Azərbaycan da daxil olmaqla 20 ölkədən nümayəndələr, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının təmsilçiləri iştirak edirlər.
Tədbir çərçivəsində kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər də daxil olmaqla, alimlərlə çoxsaylı görüşlərin keçirilməsi gözlənilir.
Qurultayın proqramına, həmçinin dövlət qurumlarının nümayəndələrinin, dərman preparatları və tibbi avadanlıq istehsalçılarının və səhiyyə sahəsində müxtəlif layihələrin müəlliflərinin iştirakı ilə biznes-forumun təşkili daxil edilib.
Forum iştirakçıları tibdə süni intellektin, gen mühəndisliyi texnologiyalarının və innovasiyaların istifadəsi məsələlərinə xüsusi diqqət yetiriblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara