Ankarada TürkPA-nın hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının beşinci iclası keçirilib
Ankara, 18 may, AZƏRTAC
Ankara şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının beşinci iclası keçirilib. İclasda kibercinayətkarlığa qarşı mübarizə, üzv ölkələr arasında hüquqi çərçivənin və əməkdaşlığın inkişaf etdirilməsinə dair hesabat məruzəsi və bir sıra digər məsələlər müzakirə olunub.
Assambleyaya üzv ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan parlamentlərinin nümayəndələrinin iştirak etdikləri toplantıda türkdilli ölkələrdə terrorizmə qarşı mübarizə ilə bağlı beynəlxalq sənədlərdə əks olunan prinsiplərə əsaslanan ümumi mövqenin müəyyən edilməsinin əhəmiyyəti vurğulanıb.
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov növbəti toplantıda müzakirə ediləcək terrorla mübarizə məsələsinə dair məruzəçi təyin edilib.
İclasda TürkPA Katibliyinin maliyyə əsasnaməsinə dəyişikliklər müzakirə edilərək qəbul olunub. Assambleyanın fəaliyyəti ilə bağlı əsasnaməyə bir sıra düzəlişlər və əlavələr qəbul edilib. Toplantı iştirakçılarının fikrincə, bu düzəlişlər və əlavələr qurumun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.
Toplantıda TürkPA-nın hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara