ANKARADA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Ankara, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Heydər Əliyev Fondu, Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaranın Keçiörən Bələdiyyəsi Türkiyə paytaxtında silsilə tədbirlər keçirmişlər.
Əvvəlcə Ankaranın bu rayonunda yerləşən “Xocalı qətliamı qurbanları” abidəsinin önünə əklil qoyulmuşdur. Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, ölkəmizin Türkiydəki səfiri Zakir Həşimov və digər mərasim iştirakçıları Xocalı qətliamından bəhs etmiş, bu vəhşiliyi törədənləri lənətləmişlər. Din xadimi Xocalı qurbanlarının ruhuna dualar oxumuşdur.
Sonra “Esterqon” qalasında “Xocalıda yaşanan dram” adlı sərgi açılmışdır. Sərginin açılışından sonra Heydər Əliyev Fondunun “Xocalı qətliamı” filmi nümayiş etdirilmiş, “Xocalıya ədalət” kampaniyasına imzalar toplanmışdır. Sərgi bir həftə davam edəcəkdir.
Həmin gün bələdiyyə binasında “Xocalını unutmayaq, unutdurmayaq” mövzusunda konfrans keçirilmişdir. Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, hökumət üzvlərinin başsağlığı teleqramlarını oxumuşdur.
Ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov çıxışında bildirmişdir ki, Xocalıda vəhşicəsinə qətlə yetirilmiş dinc insanların yeganə günahı onların azərbaycanlı - türk olmaları idi. Bu soyqırımı ona görə unutmamalıyıq ki, gələcəkdə insanlığa qarşı belə qətliamlar təkrar olunmasın.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı isə vurğulamışdır ki, Türkiyə qardaş Azərbaycanı hər zaman dəstəkləmiş və bu, gələcəkdə də davam edəcəkdir. Xocalı soyqırımı türk dünyasının faciəsidir və bu qətliam bütün dünyaya ermənilərin iç üzünü göstərmişdir.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ankarada fəaliyyət göstərən səfirliklərə və Türkiyə Xarici İşlər Nazirliyinə mətbuat məlumatları göndərilmişdir. Yerli KİV-lərdə faciəni işıqlandıran yazılar dərc olunmuş, fevralın 26-da “TRT-Avaz” kanalının canlı yayımında səfirliyin Xocalı tədbirlərində iştirak və çıxış etmək üçün dəvət etdiyi professor və müəllim heyəti iştirak etmişdir.
Ankarada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə müxtəlif təhsil ocaqlarında anım günlərinin keçirilməsi davam edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara