Antalyada Xocalı soyqırımına həsr olunan konfrans keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva Türkiyənin Antalya şəhərində “Xocalı soyqırımı: Türk dünyasının acıları, problemləri və həlli yolları” mövzusunda konfrans təşkil edib. Konfrans Antalya Türk Ocaqlarının, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Akdeniz Universitetinin dəstəyi ilə keçirilib.
Antalya Türk Ocaqlarının başqanı Abdullah Uysal və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova tədbirin açılışında çıxış edərək türk dünyasının problemlərinin həlli üçün birliyin önəmindən danışıblar.
Qənirə Paşayeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş məlumat verib, bu soyqırımı zamanı valideynlərini itirmiş uşaqlar, onların yaşadıqları acılardan danışıb. O qeyd edib ki, etnik kimliyindən, dinindən, dilindən asılı olmayaraq insanlığın yanında olanlar, bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər “Xocalıya ədalət” deyənlərin yanında olmalıdırlar: “Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmamışıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya niyə susdu? Niyə onların səslərini eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, onlar insandır. Biz sadəcə olaraq ədalət istəyirik. Xocalıda, Qaradağlıda soyqırımı törədən cinayətkarlar indi Ermənistanda yüksək vəzifələrdədir. Onlar törətdikləri cinayətə görə hələ də ədalət qarşısında cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatlar, dövlətlər 1 milyon azərbaycanlının öz evində yaşamaq hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxarmırlar. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana heç bir təzyiq göstərmirlər. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin daha geniş yayılmasına çalışmaq vacibdir. Biz Xocalı soyqırımı da daxil olmaqla, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.
Qənirə Paşayeva türk gəncliyini virtual dünyanın imkanlarından istifadə edərək həqiqətlərin daha geniş yayılmasında aktiv olmağa çağırıb.
Milli Məclisin deputatı Antalyada fəaliyyət göstərən fəal qadın və gənclər təşkilatları, burada fəaliyyət göstərən azərbaycanlılar, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəsmiləri ilə görüşüb, KİV nümayəndələrinə müsahibələr verib.