Antara agentliyi: İndoneziya və Azərbaycan tərəfdaşlıq münasibətlərini gücləndirir

Cakarta, 8 may, AZƏRTAC
İndoneziyanın Antara milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Ruslan Nəsibovun müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, “İndoneziya və Azərbaycan tərəfdaşlıq münasibətlərini gücləndirir” adlı müsahibədə R.Nəsibov iki dost ölkə arasında əlaqələrin diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, yüksək səviyyəli əlaqələr dostluq və əməkdaşlıq münasibətlərinə əsaslanır. İki dost ölkə olaraq İndoneziya və Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində də biri-birini daim dəstəkləyir. Bu, qarşılıqlı tərəfdaşlığı möhkəmləndirərək daha ciddi siyasi əlaqələr qurmağa imkan yaradır.
Antaranın müxbirinin suallarını cavablandıran müvəqqəti işlər vəkili bu günlərdə dünyanın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 və diplomatik xidmətin 100 illiyi ilə bağlı çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib.
Ölkəmizdə aparılan islahatlar barədə məlumat verən diplomat Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” haqqında danışıb. Bildirib ki, “ASAN xidmət” 2015-ci ildə BMT-nin dövlət xidmətlərinin nümunəvi təqdimatı mükafatına layiq görülüb.
Diplomat Azərbaycan rəhbərliyinin bütün istiqamətlərdə irimiqyaslı islahatlar həyata keçirdiyini və bunun nəticəsində ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb. O, son 15 ildə ölkədə yoxsulluğun 5,4 faizə, işsizliyin isə 5 faizə düşdüyünü qeyd edib. Ölkə iqtisadiyyatının üç dəfədən çox artdığını bildirən R.Nəsibov Azərbaycana ümumilikdə 260 milyard dollar məbləğində investisiya yatırıldığını deyib.
Cari il aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəldiyini xatırladan diplomat valyuta ehtiyatlarımızın 46 milyard dollara çatdığını qeyd edib və bildirib ki, bu da xarici borcdan beş dəfə çoxdur.
Müsahibədə ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirildiyi, bununla əlaqədar ən müasir infrastrukturun yaradıldığı vurğulanıb. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri arasında mühüm körpü rolunu oynayan mühüm mərkəzə çevrildiyi qeyd edilib.
Azərbaycanın dünya miqyaslı multikultural mərkəzlərdən birinə çevrildiyini deyən diplomat ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. O, son illər Bakının müxtəlif beynəlxalq tədbirlərin, musiqi və idman yarışlarının təşkil edildiyi xüsusi yerlər siyahısında önəmli yer tutduğunu bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan R.Nəsibov beynəlxalq təşkilatların bununla bağlı qəbul etdikləri sənədlərə baxmayaraq, qonşu Ermənistanın hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını qeyd edib. İndoneziya tərəfinə bu münaqişədə tutduğu ədalətli mövqeyə görə minnətdarlıq bildirilib.
İndoneziya ilə Azərbaycan arasında əlaqələrin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edən diplomat həm siyasət, həm iqtisadiyyat, həm də mədəniyyət sahələrində irəli sürülən təşəbbüslərin dəstəklənməsinin bu münasibətləri daha da möhkəmləndirəcəyinə inandığını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta