AQTA sədri FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki yeni təyin olunmuş nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Q.Təhməzli Muhammad Nasar Hayatı FAO-nun təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
O, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn məsələlərlə bağlı zəruri məlumatları diqqətə çatdırıb.
FAO-nun Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Muhammad Nasar Hayat qida təhlükəsizliyi sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə AQTA arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüş zamanı FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək”, "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarəedilməsi və Davamlı Üzvi Çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi", FAO-Türkiyə əməkdaşlıq proqramı çərçivəsində “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihələri ilə bağlı müvafiq işlər görülür. Həmçinin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad statusunun alınması və dabaq xəstəliyinə görə peyvəndləmə tətbiq edilməklə azad zonanın yaradılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr edilib, müvafiq məsələlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.