Argentinada Xocalı soyqırımının 20-ci ildönümü anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Argentinanın Buenos-Ayres şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Argentinanın ictimai-siyasi dairələrinin, qanunvericilik orqanının, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, anım mərasimində çıxış edən səfir Məmməd Əhmədzadə Qarabağın tarixi, ermənilərin Azərbaycana köçürülməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və hazırkı vəziyyət, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir.
Tədbirdə, həmçinin Buenos-Ayresdə nəşr olunan ispandilli “İRS Herencia” jurnalının Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycanın ürəyi Qarabağ” adlı xüsusi nömrəsinin təqdimatı da keçirilmişdir. Jurnalın bu nömrəsinə Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, “Xocalıya ədalət” kampaniyası, Qarabağ mədəniyyəti, Qarabağ xalçaçılıq məktəbi, Şuşa zərgərlik məktəbi, Qarabağ muğam məktəbi, Qarabağ mətbəxi ilə bağlı məqalə, yazı və illüstrativ materiallar daxil olmuşdur.
Anım mərasimində, həmçinin Xocalı soyqırımı, Qarabağın tarixi və mədəniyyətinə dair sərgi və filmlər nümayiş etdirilmiş, iştirakçılara soyqırımından və Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müxtəlif nəşrlər paylanılmışdır.
Yerli mətbuatın diqqətini çəkən tədbirdə səfir M.Əhmədzadə KİV nümayəndələrinə müsahibələr vermişdir.