“ARŞIN MAL ALAN” ÇİN DİLİNDƏ
Üzeyir Hacıbəyovun ev-muzeyindən AZƏRTAC-a bildirmişlər ki, eksponatlar sırasına biri də əlavə olunmuşdur. Çin Xalq Respublikasından muzeyə 3 ədəd disk gətirilmişdir. Bu disklər böyük Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin çin dilində işıq üzü görən variantıdır.
Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə ərsəyə gələn musiqi diskində Çin sənətkarı Quanq Siinin 1959-cu ildə baş rolda ifa etdiyi tamaşanın səsli variantı yer almışdır. İki disk şəklinə salınmış musiqi albomunun üzərində vaxtilə “Arşın mal alan” musiqİli komediyasının mahir ifaçısı Rəşid Behbudovun da şəkli verilmişdir. Məhz çinli tamaşaçıların bu əsərlə ilk tanışlığı da Rəşid Behbudovun 1952-ci ildə bura etdiyi qastrol səfərindən sonra başlayır.
“Arşın mal alan” Çinin 13 şəhərində səhnələşdirilmişdir. Diskdə yer alan bu tamaşanın səhnəyə qoyulmasından 50 il ötür. Gələn il muzey bu münasibətlə tədbir keçirəcək və məşhur çinli ifaçı Quanq Siin də ölkəmizə dəvət olunacaqdır.
Tamaşanın çin dilində olan partiturasının da həmin ölkədən muzeyə gətirilməsi istiqamətində danışıqlar aparılır.
Xatırladaq ki, “Arşın mal alan” tamaşası bu günə qədər bolqar, türk, rus, ingilis və Ukrayna dillərində də səhnələşdirilmişdir.