Arxeoloq alimlərin hazırladıqları iki monoqrafiya çapa məsləhət görülüb
Bakı, 14 yanvar, AZƏRTAC
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin baş direktoru professor Abbas Seyidov iclasın gündəliyində duran birinci məsələnin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Bu Sərəncamdan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün müəssisədə İşçi qrupu yaradılır.
Sonra Türkiyənin Şanlıurfa şəhəri yaxınlığında yerləşən “Göbəklitəpə” abidəsinə institut əməkdaşlarının ezam olunması ilə bağlı hesabat dinlənilib.
İnstitut əməkdaşlarının hazırladıqları "Tunc dövrü Qədim Naxçıvan tayfalarının qəbir abidələri və dəfn adətləri" və "Azərbaycan və Qədim Yaxın Şərq: Son Tunc və Erkən Dəmir dövründə mədəni-iqtisadi əlaqələr" monoqrafiyaları çapa məsləhət bilinib.
İclasda, həmçinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulan "Məhkəmə arxeologiyası və antropologiyasi" adlı 1-ci beynəlxalq konfransdan danışılıb, institutun strukturunda kiçik dəyişikliklər edilməsi haqqında qərar qəbul olunub.