Arzu Nağıyev: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna susmamalıdır
Bakı, 15 dekabr, AZƏRTAC
Ermənistan tərəfindən Azərbaycana qarşı mina terroru davam edir. Ermənilərin Azərbaycan ərazilərində basdırdıqları və xəritələrini təqdim etmədikləri minalar neçə-neçə vətəndaşımızın ölümünə, yaralanmasına səbəb olur. Təəssüf ki, beynəlxalq təşkilatlar baş verən hadisələr qarşısında susur. Ermənilər və ya onların havadarları əgər insan haqlarından, insan hüquqlarından bəhs edirlərsə, onlar basdırılan minaların xəritələrini də təqdim etməlidirlər. Təqdim olunan xəritələrin də cəmi 25 faizi doğrudur, digərləri isə həqiqətə uyğun deyil.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.
“Laçının Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdikdən sonra bu ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların basdırıldığı da məlum olub. Bizim əsas məqsədimiz Böyük Qayıdışdırsa, ən böyük problemimiz də ərazilərin minalardan təmizlənməsidir. Ali Baş Komandan İlham Əliyev bu barədə açıqlamalarında dünyada minatəmizləmə ilə məşğul olan qurumların mövcud olduğunu, onların özlərinin işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə prosesində iştirakının vacibliyini dəfələrlə vurğulayıb. Təəssüf ki, çox az qurumlar buna reaksiya verib”, - deyə deputat qeyd edib.
Arzu Nağıyev bildirib ki, Azərbaycan torpaqlarını öz gücünə minalardan təmizləyir. Lakin bu, böyük vəsait, uzun vaxt tələb edən prosesdir. Burada maarifləndirmə məsələsi də çox mühümdür. Hətta İkinci Dünya müharibəsindən qalan partlamamış mərmilər, minalar bu gün də öz əks-sədasını verməkdədir. Əfqanıstanda, Küveytdə, Vyetnamda getmiş proseslər hələ də davam edir.
“Bu gün kommunikasiyaların inşası, infrastrukturun yenidən qurulması zamanı ərazilər minalardan təmizlənir. Dini abidələrdə, qəbiristanlıqlarda mina qorxusu hələ də mövcuddur. Digər məsələ ondan ibarətdir ki, ermənilər bizim kənd təsərrüfatı təyinatlı torpaqlarımızı da minalayıblar. Lakin biz əminik ki, bütün bu problemləri aradan qaldıracağıq. Bunun üçün bütün dünya Azərbaycanı dəstəkləməli, minaların düzgün xəritələrinin verilməsi üçün ermənilərə cidd-cəhdlə təzyiq və təsir göstərməlidir”, - deyə A.Nağıyev qeyd edib.
Deputat diqqətə çatdırıb ki, son vaxtlar ermənilər Azərbaycanla sərhəd zonalarında özlərinin istehsalı olan minaları məhz vətəndaşlarımıza təhlükə törətmək üçün basdırmağa cəhd göstərirlər. Onların özlərinin istehsal etdikləri minaları birmənalı şəkildə Azərbaycan vətəndaşlarının ölümünə qarşı istifadə etmələri ilə bağlı beynəlxalq təşkilatlar susmamalı, beynəlxalq ictimaiyyət buna biganə qalmamalıdır.