Aşıq sənətinin görkəmli nümayəndəsi Əli Quliyevin 75 illiyi qeyd edilib











Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Əli Quliyevin (Ürfan Əli) anadan olmasının 75 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbir “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli Əli Quliyevin Azərbaycan aşıq sənətinə verdiyi töhfələrdən, onun sənət yolunun əhəmiyyətindən və bu irsin qorunmasının vacibliyindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslının aparıcılığı ilə davam edən tədbirdə Milli Məclisin üzvü Aydın Hüseynov, şair, publisist Murad Köhnəqala, yazıçı Şərif Ağayar, publisist, şair Əkbər Qoşalı, şair, publisist Çiçək Mahmudqızı, "Sahturna Kültür və Sənət Evi"nin direktoru Ozan Şiar Ağdaşan, şair, publisist Yusif Nəğməkar, yubilyarın nəvələri və digər qonaqlar çıxış edərək ustad sənətkarın Azərbaycan aşıq ənənələrində xüsusi rol oynadığını vurğulayaraq Əli Quliyevə xoş arzularını çatdırıblar.
Konsert proqramında tanınmış və gənc ifaçılar Əli Quliyevin sevilən ifalarından və klassik aşıq havalarından nümunələr təqdim ediblər. Onların çıxışları alqışlarla qarşılanıb və tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Yubilyar, ustad aşıq Əli Quliyev tədbirin təşkilatçılarına, çıxışçılara və sənətsevərlərə öz təşəkkürünü bildirib. O, Azərbaycan aşıq sənətinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb və bu sənətin daim yaşamasını arzulayıb.
Tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, aşıq sənətinin ustad ifaçılarının, gənc aşıqlar və sənətsevərlərin iştirak etdiyi tədbir Azərbaycan mədəniyyətinin ən dəyərli sahələrindən biri olan aşıq sənətinin təbliği və inkişafı baxımından əlamətdar hadisə kimi yadda qalıb.