AŞPA PREZİDENT İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİR
Azərbaycan üzrə məruzəçilər Andreas Qross və Malkolm Brus öz çıxışlarında ölkəmizdə hüquqi dövlət quruculuğunu, demokratik islahatların aparıldığını, müxtəlif sahələrdə mühüm dəyişikliklər baş verdiyini, götürülmüş öhdəliklərin, demək olar, hamısının yerinə yetirildiyini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun sədr müavini və Büro üzvü olmuş həmkarları İlham Əliyevin Prezident seçildikdən sonra qısa bir vaxtda əvf Fərmanı imzalamasının Avropa Şurasında müsbət qarşılandığını və böyük əks-səda doğurduğunu xüsusi vurğulamış, prezident seçkiləri zamanı bəzi məntəqələrdə nöqsanlara yol verildiyini qeyd etmişlər.
Məruzə ətrafında müzakirəyə qoşulmuş deputatların əksəriyyəti ölkəmizin Avropa Şurasına üzv qəbul edildiyi vaxtdan az bir müddət keçməsinə baxmayaraq, böyük və mühüm işlər görüldüyünü, Azərbaycandakı müxalifətin hakimiyyətə zorla yiyələnmək məqsədi güddüyünü və elə buna görə də iğtişaş törətdiyini, ölkədə demokratiyaya doğru ciddi və inamlı addımlar atıldığını, Azərbaycanın müxtəlif beynəlxalq konvensiyalara qoşulduğunu xatırlatmışdır. Deputatlar ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində ölkəmizin bir milyondan artıq qaçqın problemi ilə üzləşdiyini, məruzədəki bəzi məsələlərin faktiki materiallara deyil, yalnız məlumatlara əsaslandığını, Azərbaycana qarşı qərəzli mövqe tutmuş bəzi həmkarlarının, necə deyərlər, “milçəkdən fil düzəltmək” istəyindən söhbət açmışlar. Bildirilmişdir ki, müstəqilliyin 13-cü ilinə qədəm qoymuş gənc Azərbaycanla yüz illik tarixləri olan dövlətlərin qarşısında eyni tələbləri qoymaq heç bir baxımdan düzgün deyildir.
Müzakirə zamanı bir daha vurğulanmışdır ki, Azərbaycanda prezident seçkiləri demokratik keçmiş, baş vermiş bəzi nöqsanlar seçkinin nəticələrinə təsir göstərməmişdir, İlham Əliyev layiqli qələbə qazanmışdır. Deputatlar əminliklərini bildirmişlər ki, AŞPA-nın sessiyalarında məntiqli çıxışlarının şahidi olduqları həmkarları, Azərbaycanın indiki Prezidenti İlham Əliyev ölkədə Avropa dəyərlərinin formalaşması, xalqın sosial vəziyyətinin daha da yaxşılaşdırılması sahəsində qətiyyətli addımlar atacaqdır. Bu işlərdə Avropa Şurası Prezident İlham Əliyevi mütləq dəstəkləməli və ona hər cür kömək göstərməlidir.
Məruzədəki bəzi müddəalara düzəlişlər edilməsi geniş müzakirəyə səbəb olmuşdur. Oktyabrın 15-16-da baş vermiş iğtişaşlarla əlaqədar bəzi şəxslərin “həbs edilməsi” ifadəsinə Azərbaycan deputatlarının səyi ilə düzəliş verilərək, sənəddə “müvəqqəti tutulub saxlanılanlar” kimi öz əksini tapmışdır.
Məruzədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələdə “Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər” ifadəsi deputatlarımızın ciddi etirazları ilə qarşılanmışdır. Məhz onların təklifi ilə sənəddə bu ifadə “işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilər” kimi öz həqiqi mənasında verilmişdir. Əvvəlki redaksiyadan isə belə çıxırdı ki, Dağlıq Qarabağ işğal olunmayıbdır.
Deputatlarımızın bu düzəlişi Ermənistan nümayəndə heyətini ciddi narahat etmişdir. Onlar məruzədəki “Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi” ifadəsini Dağlıq Qarabağ və Azərbaycan münaqişəsi kimi qələmə verməyə səy göstərmişlər. Bununla növbəti dəfə həm Avropa, həm də dünya ictimaiyyətini çaşdırmağa, onların diqqətini Ermənistanın işğalçı dövlət olması faktından yayındırmağa cəhd göstərsələr də, istədiklərinə nail ola bilməmişlər.
Azərbaycanlı deputatlar, hətta bu dəfə ədalətli mövqe tutmuş A.Qross da erməni deputatların mənasız təklifinə kəskin etirazlarını bildirmişlər. Məhz onların qətiyyəti nəticəsində “Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi” ifadəsi olduğu kimi saxlanılmışdır.
Müzakirədə Azərbaycanın öhdəlikləri ilə bağlı bir neçə məsələyə iyun ayında baxılması qərara alınmışdır.
X X X
AŞPA ERMƏNİSTANI BİR DAHA İŞĞALÇI
DÖVLƏT KİMİ TANIDI
Günün ikinci yarısında sessiyada Ermənistanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə edilmişdir. Ermənistan üzrə məruzəçi, Polşadan olan deputat Jerzi Jaskuerni Ermənistanda prezident və parlament seçkiləri zamanı ciddi qüsurlar olduğunu, seçkilərin Avropa standartlarının tələblərinə cavab vermədiyini, Dağlıq Qarabağ problemi ilə bağlı götürdüyü öhdəliyi Ermənistanın bu günə qədər yerinə yetirmədiyini, mətbuat və söz azadlığına maneçilik törədildiyini bildirmişdir.
Məruzə ətrafında çıxış edən deputatlar Ermənistanda dini azadlığın olmadığını, müxalifətə hərtərəfli təzyiqlər göstərildiyini, yerli hakimiyyətin fəaliyyətinə maneçilik törədildiyini, insan orqanizminin çıxarılması kimi təhlükəli təcrübənin geniş yayıldığını qeyd etmişlər.
Azərbaycanlı deputatlardan Gültəkin Hacıyeva və Bəxtiyar Əliyevin çıxışlarında Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə BMT-nin məlum qətnamələrinə Ermənistanın məhəl qoymadığı, həmişə insan hüquqlarının müdafiəsi kimi çıxış edən Avropa Şurasının Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın-köçkünə çevrilmiş 1 milyon insanın hüququnun pozulmasına göz yumduğu, işğal olunmuş ərazilərimizdə gəlmə adamların yerləşdirilməməsi barədə Avropa Şurası Parlament Assambleyasının vaxtilə çıxardığı qərara Ermənistanın saymazlıq göstərməsi kimi faktlar səslənmişdir.
Avropalı deputatlara Ermənistanın vaxtilə guya qədim dövlət olduğunu çatdırmaq istəyən erməni nümayəndə heyəti üçüncü əsrdə xristianlığın qəbul olunması fikrini ortalığa atmış, guya “blokada” şəraitində yaşayan bu ölkədə vəziyyətin ağırlığını xatırlatmaqla, sanki, din qardaşlarını rəhmə gətirməyə çalışmışlar. Onlar Azərbaycan tərəfinin Dağlıq Qarabağdakı erməniləri guya silah gücünə çıxartmaq istədiyini bəhanə gətirmişlər.
Erməni deputatı A.Rustamyan isə müddəaların düzəlişi zamanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində dialoqa üstünlük verdiyini ön plana çəkərək, bu dialoqun Azərbaycan ilə Dağlıq Qarabağ nümayəndə heyəti arasında keçirilməsini təklif etmişdir. Növbəti erməni hiyləsi olan bu təklif dolayısı yolla Dağlıq Qarabağı Azərbaycandan kənarda bir qurum kimi göstərmək məqsədi daşıyırdı. Ona görə də istər azərbaycanlı deputatlar, istərsə də müxtəlif ölkələrin təmsilçiləri bu təklifə qəti etirazlarını bildirmişlər. Səsvermə zamanı erməni deputatın təklifi keçməmiş, Ermənistan AŞPA tərəfindən bir daha işğalçı dövlət kimi tanınmışdır. Bununla da sessiya öz növbəti iş gününü başa çatdırmışdır.
AŞPA-nın qış sessiyası davam edir.