Astanada 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
Astana, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi ölkənin Milli Arxivində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə paytaxtdakı Azərbaycan diasporunun üzvləri, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının nümayəndələri, səfirliyin əməkdaşları, jurnalistlər iştirak etmişlər.
Əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə arxivin direktoru Rıstı Sariyeva açmış, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışmış, Almatıdakı 1986-cı il dekabr hadisələrini yada salmış, məhz bu kimi faciələrin keçmiş SSRİ-nin dağılmasına təkan verdiyini qeyd etmişdir.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov 20 Yanvar hadisələri haqqında mərasim iştirakçılarına geniş məlumat vermiş, həmin gecə zəhərli güllələrdən istifadə olunduğunu diqqətə çatdırmışdır. Səfirin sözlərinə görə, beynəlxalq Konvensiyalarla qadağan edilən belə güllələrdən istifadə 100 faiz ölüm deməkdir.
Z.Həşimov 20 Yanvar faciələrinə qədər Almatıda, Tbilisidə, Vilnüsdə, Kişinyovda belə hadisələrin törədildiyini bildirmiş, miqyasına görə 20 Yanvarın keçmiş SSRİ-nin tarixinə yazılmış ən böyük qanlı faciə olduğunu qeyd etmişdir.
Səfirin sözlərinə görə, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev faciə haqqında məlumat alan kimi Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş, Mixail Qorbaçov başda olmaqla, keçmiş SSRİ-nin rəhbərlərini ittiham etmişdir.
Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyasının sədri Asxat Şakirov, Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının (AMMA) rəhbəri Vidadi Salahov, 1986-cı il dekabr hərəkatının (Nağız Jeltoksan) başçısı olmuş Askar Saqnaev və başqaları Qanlı Yanvar hadisəsini törədənləri ittiham etmişlər.
Mərasim iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı məlumatlar toplusu, həmçinin AMMA-nın orqanı olan “Turan Times” qəzetinin faciə haqqında buraxdığı xüsusi nömrəsi paylanmışdır.
Sonra 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana