Astanada şahmat üzrə dünya çempionu adı uğrunda matçın açılışı olub
Bakı, 8 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtındakı “Astana Ballet” teatrında şahmat üzrə dünya çempionu adı uğrunda matçın təntənəli açılış mərasimi olub. Mayın 1-dək davam edəcək matçda çempion adı uğrunda planetin iki adlı-sanlı şahmatçısı - rusiyalı qrosmeyster Yan Nepomnyaşşi və çinli qrosmeyster Din Lijen mübarizə aparacaq.
AZƏRTAC “Kazinforum”a istinadla xəbər verir ki, bu idmançılar FIDE-nin dünya reytinqində ikinci və üçüncü yerləri tuturlar: Nepomnyaşşinin reytinqi 2793, Lijenin reytinqi 2788-dir.
Açılış mərasimi Qazaxıstan Respublikasının və Beynəlxalq Şahmat Federasiyasının himnlərinin ifası ilə başlanıb. Mərasimdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, Qazaxıstan Şahmat Federasiyasının prezidenti Timur Turlov, şahmat üzrə dünya çempionları və qrosmeysterlər iştirak ediblər.
Qazaxıstanın mədəniyyət və idman naziri Asxat Oralov dövlət başçısı Kasım-Jomart Tokayevin adından təbrik məktubunu oxuyub.
Mərasimdə tarixdə ilk dəfə püşkatma robotun köməyi ilə aparılıb. Püşkatmanın nəticələrinə görə, dünya çempionu adı uğrunda matçın birinci partiyasında rusiyalı qrosmeyster yan Nepomnyaşşin çinli qrosmeyster Din Lijenə qarşı ağ fiqurlarla oynayacaq.
A.Dvorkoviç şahmat üzrə dünya çempionatının keçirildiyi yer kimi nəyə görə məhz Qazaxıstanın seçilməsinin səbəbini belə izah edib: “Son illərdə Qazaxıstan şahmatın inkişaf etdiyi mərkəzlərdən birinə çevrilir. Qazaxıstanda qadınlar arasında şahmat yaxşı inkişaf edib. Mənim fikrimcə, kişilər arasında şahmat da tezliklə irəliləyəcək. Bu matçdan sonra gənc şahmatçıların inkişafı üçün motivasiya yaranacaq. Burada artıq iri turnirlər, qadınlar arasında Qran-Pri yarışları, komanda şəklində dünya çempionatları keçirilib. Bu matçın keçirildiyi yer kimi Qazaxıstanın seçilməsinə əsas səbəb burada şahmatın inkişaf səviyyəsidir. Əlbəttə, başqa bir ölkəni deyil, məhz Qazaxıstanı seçməyimizin bir səbəbi də odur ki, Qazaxıstan Çin ilə Rusiya arasında yerləşir (Yan Nepomnyaşşi Rusiyanı, Din Lijen isə Çini təmsil edir).