REGİONLAR
Astara polisi 200-ə yaxın sürücüyə tibbi spirt və maska paylayıb
Astara, 27 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşları yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlərə dəstək olaraq humanitar aksiya keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt və maskalar paylanılıb.
Polis işçiləri aksiya çərçivəsində, həmçinin sürücülərə gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini izah edərək, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini diqqətə çatdırıblar.
Sürücülər bu nəcib aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, aksiya çərçivəsində 200-ə yaxın sürücüyə tibbi spirt və maskalar paylanılıb.