REGİONLAR
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olunub
Astara, 27 mart, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Astara rayonunda da davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq onlarla profilaktik söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılmaları təmin olunub.
Yaşı 65-dən yuxarı olan vətəndaşlara bir daha izah olunub ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi onların diqqətinə çatdırılıb.