İDMAN
ASTARADA SƏRBƏST GÜLƏŞ ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR
Ölkəmizin müxtəlif şəhər və rayonlarından gəlmiş 1992-1995 ci il təvəllüdlü 63 yeniyetmə turnirdə qalib adı uğrunda mübarizə aparmışdır.
Mərasimə toplaşanlar turnirdə fəxri qonaq kimi iştirak edən Astara rayonunun Ərçivan kəndində anadan olmuş, sərbəst güləş üzrə iki dəfə Avropa çempionu, Dünya birinciliyinin bürünc mükafatçısı, beynəlxalq dərəcəli idman ustası Aslan Ağayevi, Ginnesin rekordlar kitabında ilk azyaşlı kimi qeydə alınan Ələsgər Həsənzadəni, Respublika Güləş Federasiyasının baş katibi, beynəlxalq dərəcəli hakim Mətləb Abdullayevi, Dünya birinciliyinin gümüş mükafatçısı Nadir Həmidovu, Azərbaycan çempionu Nizami Hüseynovu, «Cü-do makada Azərbaycan» klubunun direktoru Aleksandr Mordvinkini və başqalarını hərarətli alqışlarla qarşılamışlar.
İki gün davam edən idman mübarizəsində qaliblər müəyyən edilmişdir. Müxtəlif çəki dərəcələrində Nurlan və Loğman Ağayevlər (Bakı şəhəri, «Zenit» klubu), Ruslan Rəsulov, Əjdər Mehdizadə və Seymur Məmmədzadə ( Astara rayonu), Müşfiq İsayev (respublika olimpiya idman litseyi), Samir Nağızadə (Salyan rayonu) Respublika turnirinin qalibi olmuşlar.
Qaliblərə diplomlar və pul mükafatları verilmişdir.