ATAA-nın üzvləri İsmayıllı və Şamaxının turizm imkanları ilə tanış olublar
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nəzdində yaradılan Turizm Ekspertlər Klubunun üzvləri İsmayıllı və Şamaxı rayonlarının turizm imkanlarının araşdırılması məqsədilə bölgəyə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfər zamanı ATAA-nın üzvləri Basqal qəsəbəsinin tarixi-memarlıq abidələrini ziyarət edib, İsmayıllı rayonunun aqro-eko turizm təsərrüfatlarında yaradılmış turizm məhsullarına baxış keçirib, eləcə də “Chabiant Winery” şərab zavodunun fəaliyyəti və “Castle Resort” hotelinin yerləşmə və imkanları ilə yaxından tanış olublar. Səfərdə turizm şirkətlərinə həmçinin rayonun xalçaçılıq sənətinin inkişafı haqqında məlumat verilib, müxtəlif xalça nümunələri nümayiş olunub.
Səfər çərçivəsində, o cümlədən Şamaxı rayonuna da infotur təşkil olunub. İnfoturda ATAA-nın üzvləri rayonun arıçılıq təsərrüfatlarına baş çəkib, Şamaxı Astrofizika Rəsədxanasına və Şamaxı Safari Parkına səfər edərək buradakı şəraitlə tanış olublar.
Məlumat üçün bildirək ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən növbəti infoturun Gəncə şəhərinə təşkili nəzərdə tutulub.