ATAA üzvləri Polşanın turizm imkanları ilə tanış olublar
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan və Polşanın turizm agentlikləri arasında qarşılıqlı əlaqələrin qurulması, turist səfərlərinin təşkili üçün əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və Polşanın turizm imkanları ilə yaxından tanışlıq məqsədilə bir sıra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasını (ATAA) üzvləri üçün Polşa Respublikasına infotur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, infotur AATA və Polşanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
5 günlük səfər çərçivəsində Varşava və Krakov şəhərlərinin tarixi-memarlıq abidləri, turistik və əyləncə mərkəzləri ilə tanış olan ATAA üzvlərinə ölkənin məşhur şərab turizmi və milli mətbəx nümunələri nümayiş olunub.
İnfoturda, həmçinin Polşanın turistik məkanlardan sayılan duz şaxtasına və kömür mədəninə ekskursiyalar keçirilib, şəhərətrafı qısa kruiz səfərləri təşkil edilib.
Səfər zamanı ATAA üzvləri “LOT Polish Airlines” şirkətinin və Polşa Turizm Təşkilatının rəhbər şəxsləri ilə də görüşüblər.
Görüşdə Azərbaycanın turizm imkanları və turizm məhsulları ilə tanış edilən polşalı nümayəndələrə Azərbaycanda polyak izləri, polyak memarlarının ərsəyə gətirdikləri memarlıq nümunələri, Bakıda yaradılan abidələr haqda məlumatlar təqdim olunub.