ATGTİ xarici ölkələrin tələbələri arasında 20 Yanvar faciəsi ilə bağlı sorğu keçirmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 21-ci ildönümü ərəfəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) xarici tələbələrə “20 Yanvar faciəsi haqqında nə bilirsiz?” sualı ilə müraciət etmişdir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, suala Meksikadan, Ukraynadan, Moldovadan, Gürcüstandan və digər ölkələrdən cavab gəlmiş, Azərbaycanda təhsil alan türkiyəli tələbələr öz münasibətlərini bildirmişlər.
Meksika tələbələri adından Leon Universitetinin beynəlxalq ticarət fakültəsinin 4-cü kurs tələbəsi Raul Qonsalesin suala cavabı belədir: “Bu gün fəxrlə deyə bilərəm ki, mən Azərbaycanın tarixi, mədəniyyəti və dili haqqında məlumatlıyam, 20 Yanvar faciəsi haqqında da kifayət qədər bilirəm. Sizin milli mənəviyyatınız və azadlıq arzunuz məni valeh edir. Faciə vaxtı həlak olanları unutmaq olmaz, onlar həyatlarını şərəflə başa vurublar. Çünki cəsur idilər. Cəsur olduqları üçün də ölkələrinin gələcəyi uğrunda mərdliklə həlak oldular. Leon Universitetinin bütün tələbələri adından sizin tarixi həqiqətləri tanıtdırmaq cəhdinizi dəstəkləyirik”.
Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi, Türkiyə vətəndaşı Fərhad Uyğurun cavabı da maraqlıdır: “1990-cı ilin qanlı yanvar hadisələri xalqınızın azadlıq arzularını ancaq möhkəmləndirdi və Azərbaycan tarixində dərin iz qoydu. Hər il Azərbaycan xalqı bu tarixi qeyd edir”.
Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrin tələbələri də cavablarında bu günün tarixi əhəmiyyətini qeyd etmişlər. Onlar vurğulamışlar ki, diaspor və azərbaycanlı tələbələr hər il bu günü qeyd edir, tarixin, şəhidlərin unudulmamasına çalışırlar.