MƏDƏNİYYƏT
ATİ-nin əməkdaşı Budapeşt şəhərində beynəlxalq seminarda iştirak etmişdir
Bakı, 22 aprel (AZƏRTAC). Macarıstanın Budapeşt şəhərində “Erasmus Mundus regionlararası əməkdaşlığın gücləndirilməsi” (ECCE Mundus) layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir.
Seminar Avropa İttifaqının dəstəklədiyi, Erasmus Mundus Proqramının maliyyə dəstəyi və Macarıstanın Erasmus Mundus Milli Ofisi, Tempus Fondunun, Avstriyanın Təhsil və Tədqiqatda Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Slovakiyanın Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşmışdır.
Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildən fəaliyyətdə olan layihənin sonuncu seminarına 13 ölkədən 30 iştirakçı qatılmışdır. ATİ-nin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vüsalə Qəhrəmanlı da həmin beynəlxalq tədbirdə iştirak etmişdir. Onun seminarda fəallıq göstərməsi Avropa Komissiyasının nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.
Təhsil müəssisələrinin ilkin tanışlıq sərgisi ilə başlayan seminarda iştirakçılar təmsil etdikləri ali təhsil müəssisələri ilə bağlı təqdimatlar etmiş, maraqlı tərəflərlə qarşılıqlı əlaqələr qurmuş, əməkdaşlığın mümkün istiqamətlərini müzakirə etmişlər.
ECCE Mundus layihəsinin rəhbəri və Macarıstan Tempus Milli Ofisinin nümayəndəsi Marton Beke və digər təşkilatçı nümayəndələr Erasmus + çərçivəsinə dair beynəlxalq əməkdaşlığın fəaliyyət növləri (kredit mobillik, ortaq magistratura dərəcəsi, mövcud potensialın inkişaf etdirilməsi - “capacity building”, Jean Monnet proqramı ayrıca bir proqram kimi) haqqında məlumat vermişlər.
Seminarın gündəliyinə əsasən təqdimatlar keçirilmiş, qazanılmış təcrübələr bölüşülmüş və bir sıra məsələlər müzakirə olunmuşdur.
Sonda isə kredit mobilliyi, ortaq magistratura proqramlarının idarə olunması və tanınması kimi mövzularda plenar sessiyalar təşkil edilmişdir.