ATU ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Gəncə, 7 avqust, E.Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Azərbaycan Texnologiya Universitetində rektor vəzifəsini icra edən dosent Yaşar Ömərov və Agentliyin direktoru Cavid Abdullayevin iştirakı ilə görüş keçirilib. Məhsuldar görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri və birgə görülə biləcək işlər müzakirə edilib.
Sonda tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək üçün hər iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəddə müvafiq sahələr üzrə təlim və treninqlərin keçirilməsi, birgə konfrans və elmi seminarların təşkili, inkişaf yönümlü müxtəlif proqram və layihələrin həyata keçirilməsində əməkdaşlığın təşviq olunması, elmi-nəzəri və praktiki tədqiqatların aparılması, tədris-metodiki vəsaitlərin hazırlanması, Agentlik mütəxəssislərinin təlim-tədris proseslərinə töhfə verməsi və s. kimi məsələlər öz əksini tapır.