Auditorlar Palatasında Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 1 may, AZƏRTAC
Auditorlar Palatasında Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Auditorlar Palatasının inzibati binasında Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstünün açılış mərasimi ilə başlayıb.
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. V.Novruzov, həmçinin şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən birinin İlham Əliyev kimi bir rəhbərin yetişdirməsi olduğunu, Prezident İlham Əliyevin isə layiqli varis kimi 20 ildir Azərbaycana bacarıqla rəhbərlik etdiyini, ölkəmizi inamla gələcəyə apardığını diqqətə çatdırıb.
Vahid Novruzov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü
ilin “Heydər Əliyev İli” elan edilməsini, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.
Yubiley tədbiri sonradan təntənəli iclas şəklində davam edib. Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış “91-lər”in nümayəndəsindən olan, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, yazıçı Tahir Məmmədov, Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatasının üzvü, “LŞ Audit” MMC-nin direktoru Fərhəddin Hüseynov və digərləri çıxışlarında Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs ediblər.