İQTİSADİYYAT
“Auditorların müstəqillik qaydaları” kitabı işıq üzü görüb
Bakı, 9 oktyabr, AZƏRTAC
Bu günlərdə Auditorlar Palatasının hazırladığı “Auditorların müstəqillik qaydaları” kitabı işıq üzü görüb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, auditor fəaliyyəti müstəqillik meyarlarının düzgün müəyyənləşdirilməsi və onlara əməl olunması ən zəruri olan sahələrindən biridir. Dünya təcrübəsi göstərir ki, məhz öz müstəqilliklərini qorumaqla auditorlar keyfiyyətli xidmətin göstərilməsi və auditə ictimai etimadın səviyyəsinin yüksəldilməsi ilə bərabər dempinq, haqsız rəqabət, keyfiyyətsiz audit, auditin nüfuzunun aşağı düşməsi və digər bir sıra xoşagəlməz halların qarşısının alınmasına nail ola bilirlər. Heç də təsadüfi deyil ki, auditor xidmətinin tənzimlənməsini həyata keçirən beynəlxalq qurumlar auditorların müstəqilliyinin qorunması, bu istiqamətdə auditorların üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi və müvafiq prosedurların tətbiq edilməsini özündə ehtiva edən normativ metodik materialların hazırlanmasına xüsusi diqqət yetirirlər. Bu baxımdan Auditorlar Palatasının həqiqi üzvü olduğu Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən dərc edilmiş Mühasiblər üçün Beynəlxalq Etika Standartlar Şurasının hazırladığı “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) mühasibat və audit peşələri üçün çox mühüm əhəmiyyətə malikdir.
Məcəllənin mahiyyətinin ölkə auditorlarına və mühasiblərinə çatdırılması, bu beynəlxalq sənədin prinsipləri əsas götürülməklə yeni normativ hüquqi aktların və xüsusi milli sənədlərin hazırlanmasını və tətbiqini ön plana çəkir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikası Auditorlar Palatasında təcrübəli auditorlardan ibarət yaradılmış işçi qrup tərəfindən “Auditorların müstəqillik qaydaları” işlənib hazırlanıb.
Mütəxəssislərin fikrincə, ölkə qanunvericiliyinin tələbləri və bir sıra digər mövcud normativ metodik materialların müddəaları nəzərə alınmaqla tərtib edilmiş qaydalar ölkədə müstəqil auditin inkişafında özünəməxsus rol oynayacaq.