“Avrasiyada biomüxtəliflik - SEAB 2023” beynəlxalq simpoziuma məqalə və tezis qəbul edilir
Bakı, 11 iyul, AZƏRTAC
Sentyabrın 6-dan 8-dək Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpozium keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla çoxlu sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri üzrə təşkil olunacaq.
Simpozium biomüxtəliflik və qorunması, həyatın biokimyəvi müxtəlifliyi, biomüxtəliflik və qida təhlükəsizliyi, biocoğrafiya və biomüxtəliflik, bioremedasiya, biomüxtəliflikdə biotexnoloji tətbiq, ekoturizm, orqanizmlərin genetik modifikasıyası və biomüxtəlifliyi, meşə ekosistemi və biomüxtəlifliyi, genetik resurslar və biomüxtəliflik, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik, post genom texnologiyası və biomüxtəliflik elmi istiqamətlərini əhatə edir.
Həmçinin simpozium iqlim dəyişkənliyinin təsiri və biomüxtəliflik, mikrob, bitki, okean və təmiz su, bərpaolunan və davamlılıq, torpaq, şəhər, vəhşi həyat və heyvan biomüxtəlifliyi və digər elmi istiqamətləri də əhatə edir.
Konfransın işçi dili ingilis dilidir. Konfransa tezis və məqalələri iyulun 15-dən avqustun 15-dək [email protected] ünvanına göndərmək lazımdır.