İDMAN
“Avro-2020”: Rusiya yığma komandası Finlandiyanı minimal hesabla məğlub edib
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Finlandiya-Rusiya oyunu ilə “Avro-2020”nin qrup mərhələsinin ikinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan bu komandaların Sankt-Peterburqda keçirilən qarşılaşması Rusiya yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini rusiyalıların yarımmüdafiəçisi Aleksey Mirançukun 45+2-ci dəqiqədə vurduğu baxımlı qol həll edib.
Bu qələbə birinci görüşdə qrupun lideri Belçika millisinə 0:3 hesabı ilə uduzan Rusiya yığması üçün son dərəcə əhəmiyyətli olub. İlk görüşdə Kopenhagendə Danimarkanı 1:0 hesabı ilə məğlub edən Finlandiya isə qrupdan çıxmaq şanslarını növbəti görüşlərə saxlayıb.
Qrupun favoriti Belçika yığması iyunun 17-də Danimarka ilə üz-üzə gələcək.
“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.