Avropa Azad Alyansının qondarma rejimlə hər hansı əlaqəsi onun iddia etdiyi dəyərlərə ziddir
Bakı, 17 aprel, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimdə “fəaliyyət göstərən” “partiya”nın Belçikada qeydiyyatda olan Avropa Azad Alyansına üzv olması barədə yayılan məlumata münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejim Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünü pərdələmək məqsədilə Ermənistan tərəfindən yaradılıb və ona əsassız şəkildə “öz müqəddəratını təyinetmə” donu geyindirilir. Öz müqəddəratını təyinetmə prinsipi işğal, təcavüz və qanlı etnik təmizləmə əsasında ifadə edilə bilməz.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb. Onlar fundamental hüquq və azadlıqlardan məhrum olublar. İkinci Dünya müharibəsindən sonra Avropanın ən dəhşətli humanitar fəlakətlərindən biri törədilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini irs vəhşicəsinə talana və məhvə məruz qoyulub.
İnsan hüquqları və fundamental azadlıqlara sadiqliyini ifadə edən Avropa Azad Alyansının işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış bu qondarma rejimlə hər hansı bir əlaqəsi onun iddia etdiyi dəyərlərə ziddir və elə Avropa Azad Alyansının adına ləkədir. İnsan hüquqları və fundamental azadlıqlardan danışıldığı halda, Avropa Azad Alyansının belə davranışı bu bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir.
Zəbt olunmuş ərazilər silah, narkotik maddələr, insan və orqan alveri və terrorçuların hazırlanması üçün münbit ərazidir.
Avropa Azad Alyansı ilk növbədə iddia etdiyi dəyərlərə sadiqliyini nümayiş etdirərək, bu qondarma rejimlə hər hansı əlaqədən çəkinməlidir.