AVROPA İTTİFAQI GÜRCÜSTANA 200 MÜŞAHİDƏÇİ GÖNDƏRƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin sentyabrın 15-də Brüsseldə keçirilmiş toplantısında Gürcüstana 200 müşahidəçi və hüquq ekspertinin göndərilməsi barədə qərar qəbul edilmişdir.
Oktyabrın 1-də bölgəyə yola düşəcək müşahidəçilərin əsas vəzifəsi Cənubi Osetiya və Abxaziya ətrafında yaradılmış təhlükəsizlik zonalarında atəşkəs rejiminə riayət olunmasına və rus hərbi qüvvələrinin Gürcüstan ərazisindən çıxarılması prosesinə nəzarət edilməsi olacaqdır. Xarici işlər nazirlərinin toplantısında fransız diplomatı Pyer Morel Gürcüstandakı böhran üzrə xüsusi elçi təyin edilmişdir.
Eyni zamanda, Avropa Komissiyası Gürcüstandakı qaçqınlara və dağıdılmış infrastrukturun bərpasına yardım məqsədi ilə 500 milyon avro ayırmışdır. Gürcüstanda bərpa işlərinə yardım məqsədi ilə oktyabrın sonunda Brüsseldə donor ölkələrin konfransı keçiriləcəkdir.
Almaniyanın Avropa işləri üzrə dövlət naziri Qünter Qlozer bildirmişdir ki, Avropa İttifaqının müşahidəçi missiyasının Abxaziya və Cənubi Osetiya ərazilərinə də daxil ola bilməsi məsələsi oktyabrın ortaları üçün Cenevrədə planlaşdırılan təhlükəsizlik konfransından asılı olacaqdır. Missiyanın tərkibində 60 fransız və 40 alman müşahidəçi nəzərdə tutulur.