Avropa İttifaqının missiyasının gəlişi erməniləri cəsarətləndirib - ŞƏRH
Bakı, 22 fevral, AZƏRTAC
Avropa İttifaqının Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi Praqa görüşündə gündəmə gəlmişdi və o zaman Prezident İlham Əliyev ölkə ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi. Lakin sonrakı mərhələdə Fransanın qeyri-adekvat davranışları missiya ilə bağlı çərçivələri pozmağa başladı, daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Azərbaycanın razılığını almadan Ermənistana iki illik missiya göndərmək qərara alındı.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, "Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".
Azərbaycan Prezidentinin proqnozlarının özünü doğrultması üçün uzun müddət gözləmək lazım olmadı. Fevralın 20-də Avropa İttifaqının növbəti missiyasının Ermənistanda fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni qüvvələri tərəfindən Ermənistan ərazisindən Ordumuzun Tovuz və Sədərək rayonlarındakı mövqeləri, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən isə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər, Şuşa və Xocavənd istiqamətlərindəki mövqelərimiz atəşə tutulub.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.
Deputatın fikirlərinə görə, atəşkəsin pozulması statistikasına baxsaq, bu, uzun müddətdən sonra ilk haldır və təsadüfi insident sayıla bilməz. Aydındır ki, uzun müddət qınına çəkilmiş fərari erməni əsgər və silahlılarını Aİ missiyasının gəlişi cəsarətləndirib. Fransanın timsalında davranışlar fonunda artıq sirr deyil ki, mümkün sərhəd qarşıdurmasında Avropa İttifaqı qərəzli davranacaq. Əgər Avropa İttifaqı qərəzsiz davransaydı ötən ilin oktyabrından başlanan missiyanın hesabatlarında Ermənistan tərəfindən dəfələrlə pozulan atəşkəslə bağlı hər hansı rəsmi açıqlanan hesabat olmalı idi, amma yoxdur, çünki bu heyətin əsas məqsədi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət etməkdir. İrəvanı da cəsarətləndirən məhz avropalı müşahidəçilərin bu mövqeyidir və ermənilər əmindir ki, missiyanın “təhlükəsizlik çətiri” onları qoruyacaq.
“Ermənilərin əslində bu cür düşünməyə haqqı var, çünki missiyanın müşahidəçidən daha çox təxribatçı xarakteri hər ötən gün daha da aydın görünməyə başlayır. Bilirsiniz ki, yanvarın ortalarında Avropa Şurasının "Siyasi məsələlər və təhlükəsizlik", eləcə də "Böhranlı idarəetmə üzrə mülki işlər" komitələri, habelə Avropa İttifaqı səfirlərinin görüşündə müzakirələrdən sonra Ermənistana iki illik missiya göndərməyi qərara alınarkən məqsədin Praqada müəyyən edildiyi kimi mülki və humanitar xarakter daşıdığı bəyan olunurdu. Amma bu gün Avropa İttifaqının yaydığı açıqlamada bildirilir ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Yəni, ən azı rəsmi açıqlandığı kimi tam yarısı silahlı şəxsi heyət olan missiyasını “mülki” adlandırmaq göründüyü kimi mümkün deyil. Maraqlıdır ki, Aİ-nin regiona silahlı missiya göndərməsi təşkilatla Ermənistan arasında sirr kimi saxlanılıb, hətta erməni ictimaiyyəti belə ölkə ərazisinə üçüncü bir gücün silahlı qüvvələrinin yerləşdirilməsindən xəbərdar olmayıb.
Əlbəttə, Azərbaycan Prezidentinin dediyi kimi, "bu, çox məyusedici bir məqamdır". Lakin Azərbaycan Vətən müharibəsində və sonrakı dönəm ərzində ən azı 3 dəfə nümayiş etdirib ki, bizim üçün Ermənistanı kimin dəstəkləməsinin, erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur - yaranacaq istənilən təhlükə, təhdid dərhal aradan qaldırılacaq. Prezident İlham Əliyevin ardıcıl məqsədyönlü səyləri ilə Azərbaycan Ordusunun gücü də, imkanları da Vətən müharibəsindən sonra qat-qat artıb, Azərbaycanın özünün siyasi imkanları da bütün dünyada, o cümlədən Avropada köklü şəkildə genişlənib. Yəni, belə olan halda hər hansı təhdidi köklü sürətdə aradan qaldırmaq üçün Azərbaycana daha 44 yox, 3-4 gün kifayət edəcək”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.